İlham Əliyev İranı faktlar qarşısında qoydu - Tehran nələrə diqqət etməlidir?

İlham Əliyev İranı faktlar qarşısında qoydu - Tehran nələrə diqqət etməlidir?
Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev və Tehranda mənzillənən "Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi doktor Vəli Kaleci arasında maraqlı dialoq baş tutub.

İlk olaraq, V.Kaleci Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bəzi azərbaycanlıların İrana qarşı fikirlərindən narahatlığını ifadə edib və o, Prezident İ.Əliyevə məntiqsiz bir sual ünvanlayıb.

V.Kalecinin Dövlət başçısına verdiyi sualdan qısa çıxarış: "Tədbirdə iştirak edən bəzi iranlı azərbaycanlılar İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etmişlər. Əfsuslar olsun ki, bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək xülyası həmin şəxslər tərəfindən aydın şəkildə səsləndirildi. Sizin məsələ ilə bağlı mövqeyinizi və rəyinizi bilməkdən çox məmnun olardım və bu, İranda birmənalı olaraq yaxşı qarşılanardı”.

Sualın məzmunundan aydın anlaşılır ki, İran təkcə kiminsə səsləndirdiyi fikirlərdən yox, əslində Qarabağ müharibəsinin simvolu hesab olunan Şuşanın Dünya azərbaycanlılarının qarşısında birləşdirici mayak kimi formalaşmasından narahatdır. İranda bütün tarixi və milli hüquqları tapdalanan 40 milyondan artıq azərbaycanlı yaşayır. 44 günlük müharibə zamanı gördük ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı dözümsüzlük nümayiş etdirən İran Ermənistana müxtətlif yollarla yardımlar edirdi. Yəni, bir müstəqil azərbaycanlının (Azərbaycan vətəndaşı olmayan) "Bütöv Azərbaycan” çağırışlarından narahat olan İran müharibə zamanı Azərbaycanın milli təhlükəsizliyinə bütövlüyünə qarşı atdığı addımları niyə yadına salmır!? Riyakarlığı edən kimdir: 30 ildir Ermənistana silah, ərzaq, geyim, müxtəlif sənaye məhsulları bəxşiş edən İran, yoxsa öz milli və suveren hüquqları uğrunda döyüşən Azərbaycan?

Diqqət edirsinizsə, iranlı "alim” sualında "Bütöv Azərbaycan” və "Araz çayının iki hissəsinin birləşdirilməsi” ifadələrini xüsusi narahatlıqla ifadə etməyə çalışıb və bunu xülya adlandırıb. Əvvəla qeyd etmək lazımdır ki, "Bütöv Azərbaycan” məfhumu dünya azərbaycanlıları və bütün Türk dünyası üçün ideoloji məsələdir. Heç kəsi öz milli kodlarına əsaslanan ideyalardan məhrum etmək olmaz. İkincisi, Azərbaycan bu ideyasını reallaşdırmaq üçün heç bir dövlətin ərazisinə (əslində öz tarixi torpaqlarına) hücum edəsi də deyil. Təcavüzə məruz qalan biz olmuşuq, tarix boyu – İran, Rusiya və Ermənistan tərəfindən… Üçüncüsü, gec-tez "Bütöv Azərbaycan” ideyasının reallaşacağından da İranın şübhəsi olmasın. Əgər İran gələcəklə bağlı belə bir perspektiv görməsəydi, bu məsələdən narahat da olmazdı.

Sualı təşkil edən üçüncü cümlədən açıq görünür ki, iranlı "alim” Prezident İ.Əliyevdən başqa cavab almaq niyyətində imiş, amma arzusu çin olmadı.

Prezidentin cavabına (dialoqa) diqqət edək:

Prezident İlham Əliyev: Siz qeyd etdiniz ki, kimsə İranın ərazi bütövlüyünü şübhə altına alıb. Bunu edən Azərbaycan hökumətinin nümayəndəsi idi? Siz Şuşa konfransını qeyd etdiniz. İranın ərazi bütövlüyünü şübhə altına alan bizim hökumət nümayəndəsi idi?

Doktor Vəli Kaleci: Hökumət nümayəndəsi deyildi. Ankarada yerləşən Təbriz Tədqiqatları Mərkəzinin nümayəndəsi idi.

Prezident İlham Əliyev: Yəni, onun Azərbaycan hökuməti ilə hər hansı bir bağlılığı yox idi, elə deyilmi?

Doktor Vəli Kaleci: Xeyr, ancaq o, Şuşa konfransında iştirak edib.

Prezident İlham Əliyev: Yəni, bu şəxs Azərbaycan vətəndaşı deyildi.

Doktor Vəli Kaleci: Xeyr, ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi.

Prezident İlham Əliyev: Baxın, bu gün burada konfransda neçə ölkədən iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Həmin tədbirdə 400-dən çox iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşa və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik. Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Bununla yanaşı, biz xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə məsuliyyət daşımırıq. Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir. Sizin söylədiklərinizlə bağlı bir nümunə deyim. İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır. Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi. Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nə isə deyibsə də - Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik. 

Heç şübhəsiz ki, Prezidentin fikirləri kifayət qədər açıq, sərrast və tarixidir. İran xüsusi xidmət orqanları özlərinin əlaltı "alim”ləri vasitəsilə İ.Əliyevə belə bir primitiv sual verməklə özlərini ifşa etmiş oldu. Ancaq İran Prezident İ.Əliyevin səsləndirdiyi dəqiq fikirlərdən nəticə çıxarmalıdır. Elə bir gün yoxdur ki, Tehranda yaşayan İran vətəndaşları (özlərini analitik, jurnalist, din xadimi hesab edən) Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı təxribatçı iddialarla çıxış etməsinlər. İranın internet kanalları Azərbaycan əraziləri ilə bağlı hər gün bir xəritə tərtib edib özlərindən nağıllar uydururlar.

Başa düşürük, hazırda Tehranda oturub öz xalqını hədəfə alan xeyli sayda xain azərbaycanlı var və bunlardan istifadə etmək İran xüsusi xidmət orqanlarının "maraq dairəsi”ndədir. Amma Azərbaycan dövləti bir nəfər farsı da olsun burada bəsləyərək İran əleyhinə iyrənc təbliğat aparmır. İndi kimdir ləyaqətli davranan, İran, yoxsa Azərbaycan?

İran başa düşür ki, Təbriz İranda nəhəng bir barıt çəlləyidir. Əgər İranın Azərbaycana qarşı hər hansı hərbi təxribatı olarsa, ilk növbədə bu çəllək partlayacaq və bütün İran alt-üst olacaq. Bu fenomenal reallığa görə Azərbaycan hökumətini ittiham etmək isə ağılsızlıqdır. Xalq yüz illərdir özünün milli ifadə azadlığını qoruyur və bundan sonra da qorumağa davam edəcək.

Müəllif: Samir Feyruzov 



OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Prezident xarici borcun həcmini AÇIQLADI

"Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır”.   Sfera.az xəbər verir ki, bu...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Azərbaycan Prezidenti israilli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. ...

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ...