“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ

“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə verib.
 
Müsahib Ramazan ayının başlanma və bitmə tarixi, nəzirlərin onlayn formada verilməsi, virtual həcc ziyarəti, Qafqaz Müsəlmanları İdarəsinin növbəti sədrinin kim olacağı, islam dinində müəllim-şagird münasibətləri, dəbdəbəli yas mərasimləri və qəbirlər barədə öz düşüncələrini bölüşüb.


 
Həmin müsahibəni təqdim edirik:
 
- Surxay bəy, üç müqqədəs ayın başlanğıcı olan Rəğayib gecəsini (Arzular gecəsi) geridə qoyduq. Bu müqəddəs aylar hansılardır və islam dini üçün əhəmiyyəti nədən ibarətdir?
 
- Rəcəb, Şaban və Məhərrəm ayı üç müqəddəs, həmçinin mənəvi aylar hesab olunur, oyanış mesajını verir. Bu ayların əzəməti, onun içərisində olan özəl günlərdən və bu günlərdə keçirilən ayinlərin icrasından asılıdır. Xüsusilə də Rəcəb ayı imamların, həmçinin bir çox peyğəmbərin doğum gününə təsadüf edir. Bu üç ayda bol dualar edilən Qədr gecələri də var.
 
- Hər il Ramazan ayının başlanma və bitmə tarixi haqda mübahisələr olur. Bu anlaşılmazlığın səbəbi nədir?
 
- Ölkələr arasında saat və iqlim fərqi var. Şamaxı Astrofizika Rəsədxanası ilə yaradılan vahid sistemə əsasən QMİ elmi məlumatlar əsasında Ramazan ayının başlanma və bitmə tarixininin fətvasını verir. Türkiyə ilə bir gün fərq ola bilər. Bu da normaldır.

- Nəzirlərin onlayn qaydada verilməsi təsdiqləndi. Siz bu necə dəyərləndirirsiniz?
 
- Nəzirlərin hansı yolla verilməsinin əhəmiyyəti yoxdur. İnfaq, nəzir anlayışında əsas olan bunun istək və Allah rizası üçün edilməsidir. İslam dini texnoloji yeniliklərə qarşı deyil. Bu mənada nəzirlərin onlayn qaydada verilməsində pis heçnə görmürəm. Təbii ki, hər şeydən öncə hər bir Azərbaycan vətəndaşı kimi bizlər də qanuna tabeyik. Milli Məclisdə qanunvericilik necə təsbit olunacaqsa, bizlər də ona razıyıq.
 
- Hacı Allahşükür Paşazadədən sonra yeni şeyxülislam olacaq namizədlər arasında sizin də adınız hallanır. Bu barədə nə deyə bilərsiz?
 
- Şeyx bütün Qafqaz müsəlmanlarının dini rəhbəridir. Allah nə qədər ömür verəcəksə o da yaşayacaq. Sonrasını isə bizə zaman göstərəcək.


 
- Səudiyyə Ərəbistanı Kəbə və digər ziyarət yerlərinin simulyasiyasını virtual aləmə daşıyıb. Virtual həcc mümkündür?
 
- Qurani-kərimdə həccin konkret əməlləri qeyd edilib. Hər bir insan həccə birbaşa getməli, orada "İsmayıl qurbanı”nı kəsməli, şeytana daş atmalıdır. Bundan başqa Məkkədə zəmzəm quyusu, Həcərül-əsvəd daşı var. Yəni məsələ təkcə həcc ziyarətinə getməkdən deyil, o abu-havanı hiss edib gözəlikləri görməkdən gedir.  
 
Virtual həcc ziyarəti gözəl təşəbbüsdür, lakin bunu turistlik olaraq qiymətlədirmək olar.
 
- Dünyanın müxtəlif ölkələrində müsəlman dinini seçən insanların sayında artım müşahidə olunur. Müsəlmanların başqa dini qəbul etməsinə islam necə yanaşır?
 
- İslam dini araşdırma dinidir. açarkən müsəlman olur, sonradan dillərə, firqələrə, millətlərə bölünür. İslam dini insanların dərisinin rənginə, cinsinə görə onları mühakimə etmir. İrqçilik islama zidd anlayışdır.
 
Bu mənada bir insan bütün bu gözəllikləri bilib dərk edib, ancaq bununla belə islamı tərk edirsə, deməli, o insan din faktoru ilə deyil, maddi maraq əsasında dini dəyişir. İslam dini ona qarşı irəli sürülən bütün arqumentləri cavablandıracaq mükəmməl dindir.
 
- Son günlər sosial şəbəkələrdə məktəb şagirdlərinin təhsil aldıqları müəssisələrdə biabırçı görüntülər yayılıb. İslam dinində şagird-müəllim münasibətləri necə tənzimlənir?
 
- Müəllimin Allah yanında dərəcəsi çox böyükdür. Şagird ilə müəllim arasında məsəfə, etik qaydalar hər zaman olmalı və qorunmalıdır. Əlbəttə ki, bu qorxu və ya müəllimin şagirdə şiddət tətbiq etməsi ilə deyil, əxlaq, dürüstlük və nümunəvi davranış ilə olmalıdır. Hər bir müəllim ilk növbədə yetişdirdiyi şagirdinə nümunə olmalıdır.
 
Bilirsiniz, ümumiyyətlə şagirdlərin tərbiyəsində ailə faktoru da olduqca önəmlidir. Valideyn övladına ilk növbədə gözəl əxlaq aşılamalıdır.


 
- İslam dinində müəllimin şagirdi döyməsi və ya fiziki şiddət tətbiq etməsinə icazə verilirmi?
 
- İslam dini hec bir halda şiddəti qəbul etmir. Şiddət uşağın şüur altında aqressiya və nifrət formalaşdırır. Bu da gələcəkdə şiddətə meyilli, hər bir problemi şiddət ilə həll etmək istəyən fərdlərin yetişməsinə gətirib çıxarır. İslam dini həm təhsildə, həm də gündəlik həyatda uşaqlara qarşı şiddətin tətbiq etməsinə qarşıdır.
 
- "Ölmək yaşamaqdan daha bahalıdır". Gündən-günə bahalaşan qəbir yerləri, məzar yeri çatışmazlığı... Bu vəziyyət necə tənzimlənməlidir?
 
- İslam dini buyurur ki, ölən şəxsə qüsul verilsin, kəfənlənsin qəbri qazılsın və mərhumun yaxınları, tanışları sevdikləri tərəfindən cənazə namazı qılınsın. Yerdə qalan məsələlər savab məsələsidir. Əsas məsələ keçirilən yas mərasimində israfın olmamasıdır. Allah israf edənləri sevmir.
 
Qəbir yerləri isə bələdiyyələrin səlahiyyətindədir. Bu məsələni onlar müzakirə etməli və tənzimləməlidir. QMİ-in üzərinə düşən əsas vəzifə dini ritualların yerinə yetirilməsidir.
 
Yas mərasimlərində pul yığılmasının qəti əleyhinəyəm. Heç kəs də deyə bilməz ki, mən Surxayın atasının yasına gəlib 5 manat pul vermişəm. Bu atamın mənə vəsiyyəti idi.
 
Din xadimlərinə pul vermək məsələsinə gəldikdə isə, hesab edirəm bu məsələ də razılıq əsasında olmalıdır. Yəni din xadimi quran oxumaq, ya da yasda iştirak üçün yas sahibindən pul istəməməlidir. Yas sahibi ürəyindən keçirsə, bunu özü verməlidir. Hər şey Allah rizası üçün olmalıdır.


 
- Qəbiristanlıqda dəbdəbəli məzarlar da kifayət qədər çoxdur. Ümumiyyətlə, islam dinində qəbirlər necə olmalıdır və dəbdəbəli məzarlara münasibət necədir?
 
- Qəbirlərin nişangahı olmalıdır. Yəni qəbir seçilməlidir. Bu, əsasən yerdən bir qədər qalxmaqla edilir. Baş daşlarında isə mərhumun adı, soyadı və doğum, ölüm tarixləri qeyd edilməlidir. Bunun xaricində edilən şeylər israfdır. İslam dini bütün hallarda israfa qarşıdır.
 
Ümumiyyətlə qəbir yerlərinin satılması da günahdır. Bəzən olur ki, mənə zəng edib deyirlər Hacı Qurd qapısının yanında yeddi qəbir yerim var necə sata bilərəm? Mən belə insanlara heyrət edirəm.
 
Qeyd edim ki, dəbdəbəli yaslarən, qəbirlərin nə ölüyə, nə də diriyə faydası yoxdur. Belə şeylərə xərclənən pullar ilə uşaqlar, qocalar evinə ianələr edilsin, şəhid ailələri sevindirilsin, qazilərə dəstək olunsun. Bu əməllər həm ehtiyacı olan insanlara, həm mərhumun ruhuna, həm də edənin özünə daha faydalı və xeyirlidir.
 
Söhbətləşdi: Turan Rzayev
Fotolar: Səbuhi Allahverdizadə

 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report”a müsahibə verib: Sfera.az sözügedən müsahibəni təqdim edir: - Dün...

“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə verib.   Müsahib Ramazan ayının başlanma və bitmə tarixi,...

“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Müsahibimiz əməkdaşımızla söhbətləşərkən şiddə...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...