Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO
İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib.

Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzilərində 43 yaşında göstərilən Kivanın bir il əvvəl Fələstinli tanışının dəvəti ilə Dubaya işləmək üçün getdiyi bildirilir.

Kivan 17 mart 2021-ci ildə mənzilində axtarış zamanı 500 qram marixuana və 50 qram kokain ələ keçirildikdən qısa müddət sonra həbs edilib.

Fida Kivan və ailəsi narkotiklərin ona aid olduğunu inkar edir. İşlə tanış olan rəsmilər "The Times of Israel” qəzetinə bildiriblər ki, apelyasiya şikayəti əsasında hökmün uzunmüddətli həbs cəzası ilə əvəzlənməsini gözləyirlər.
 
Narkotiklərlə bağlı çox sərt qanunları olan Birləşmiş Ərəb Əmirliklərində narkotik ticarətinə görə verilən ölüm cəzası tez-tez ömürlük həbslə əvəzlənir.

Qeyd edəki ki, ötən ilin mart ayından Dubay həbsxanasında saxlanılan Fida Kivan iş üçün Dubayda olub. Bir il həbsdə qaldıqdan sonra o, iddia edilən cinayətə görə martın 30-da edam cəzasına məhkum edilib.

İsrail Xarici İşlər Nazirliyi bu məsələdən xəbərdar olduqlarını və konsulluq və Əmirlikdəki nümayəndələri vasitəsilə məsələyə baxdıqlarını bildirib.

İsrail rəsmiləri ölüm cəzasını uzunmüddətli həbs cəzası ilə əvəz etməyə ümid etdiklərini deyiblər.


Əzizə Zeynal
Sfera.az