Elxan Süleymanov: "Rəhmətlik babamın yolunu davam etdirməyə çalışmışam"

Elxan Süleymanov:
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, xeyriyyəçi Elxan Süleymanov Musavat.com-un suallarını cavablandırıb.
 
Sfera.az onunla söhbəti təqdim edir:

- Elxan müəllim, bir müddət bundan əvvəl sizin təşəbbüsünüz və dəstəyinizlə "Göyçay Ensiklopediyası”nın hazırlanması ilə bağlı məlumata rast gəldik. Proses gedirmi?

- Bəli, tamamilə doğrudur, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında (AVCİYA) Göyçaya həsr edilmiş ensiklopediyanın hazırlanması ilə bağlı qərar qəbul etmişik. Bizim Assosiasiya iyirmi ildən artıq müddət ərzində onlarla böyük layihə gerçəkləşdirib. Mən yalnız bir neçə layihəmizin adını çəkmək istəyirəm.

2007-ci ildə "Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında miqyaslı aksiya çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbilə bir milyon Azərbaycan vətəndaşının imzası toplandı. İmzalar kitab halında çap etdirilərək, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərildi, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olundu.

AVCİYA Azərbaycan Prezidenti Cənab İlham Əliyevin göstərişi və dəstəyi ilə 2013-2017-ci illər ərzində "Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi. Bu layihə çərçivəsində Sərsəng su anbarının siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırdıq. Çox böyük çətinliklərə və təzyiqlərə baxmayaraq, böyük səs çoxluğu ilə AŞPA-da 2085(2016) saylı "Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbul edilməsi layihənin əsas nailiyyətlərdən biri oldu.

2016-cı ildə ABŞ Prezident Administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyasını ünvanladıq və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına nail olduq. Uğurlu layihələrimiz haqqında çox danışa bilərəm. İndi də Ensiklopediya üzərində İşə başlamışıq.

-Siz Göyçayda dünyaya gəlmisiniz, xeyriyyəçilik fəaliyyətiniz öz rayonunuzu da əhatə edirmi?

-Göyçay rayonunun Hacalı kəndində anadan olmuşam. Bütün Şirvanda məşhur xeyriyyəçi və maarifçi kimi tanınmış Hacı Rəhim Əfəndinin nəvəsiyəm. Bir qədər təvazökarlıqdan kənar səslənə bilər, amma rəhmətlik babamın yolunu davam etdirməyə çalışmışam ömrüm boyu. Hesab edirəm ki, doğma bölgəmdə müəyyən yaddaqalan xeyriyyəçilik işlərim olub, var və olacaq. Bununla fəxr edirəm.
 
- "Göyçay Ensiklopediyası” da yaddaqalan bir iş, böyük bir layihədir. Yeri gəlmişkən, yeni ensiklopediyanın sözlüyü barədə nə deyə bilərsiniz?

-"Göyçay Ensiklopediyası” ilk növbədə bölgəmizin insanları haqqında məlumat verməlidir. Ensiklopediyaya Göyçay doğumlu şəxslər haqqında məqalələr daxil ediləcək.
 

Azərbaycan tarixinə düşmüş dövlət xadimləri, görkəmli şair və mütəfəkkirlər, tanınmış yazıçılar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, xarici ölkələrin elmlər akademiyasının həqiqi və müxbir üzvləri, Elmlər doktorları və professorlar, Göyçay tarixini tədqiq edən alimlər, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunan şəxslər, Lenin, SSRİ və Azərbaycan dövlət mükafatları laureatları, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, generallar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş incəsənət xadimləri, dünya, Avropa və SSRİ çempionatlarının mükafatçısı olan idmançılar haqqında yazılar hazırlanacaq. Əlbəttə, Göyçayda doğulmayan, amma Göyçayı tədqiq etmiş alimlər haqqında da informasiyalar ensiklopediyaya daxil ediləcək.

Yeni ensiklopediya Göyçayın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr veriləcək.

-Ensiklopediyanın elektron versiyası da olacaqmı? Müasir dövr üçün bu çox önəmlidir...

- Ensiklopediyanın goychay-encyclopedia.az ünvanında fəaliyyət göstərəcək elektron versiyası əməkdaşlarımız tərəfindən AVCİYA nəzdindəki "1905.az STUDİO”da hazırlanır.

- Səhv etmiriksə, 2015-ci ildə "Şamaxı ensiklopediyası”nı da Sizin komanda hazırlamışdı.

-2015-ci ildə biz 899 məqalədən, 6 irihəcmli oçerkdən, 663 fotoşəkil və illüstrasiyadan və 20 xəritədən ibarət olan "Şamaxı ensiklopediyası”nı nəşr etmişik. Kitabın yaradıcı qrupu 150-dən artıq müxtəlif ədəbiyyat, ensiklopediya, məlumat-soraq kitabından bəhrələnib.

 
 

Yeri gəlmİşkən ensiklopediyanın elektron versiyası bu gün də https://shamakhi-encyclopedia.az/ efirdədir, mütəmadi olaraq yenilənir və zənginləşdirilir.

- "Göyçay Ensiklopediyasın”nın Elmi-Redaksiya şurasında kimlər təmsil olunacaq?

-Hazırda ensiklopediyanın Elmi-redaksiya şurası formalaşır. Məmnuniyyət hissi ilə deyirəm ki, Şurada təmsil olunan say-seçmə ziyalılarımız sırasında Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şövqi Göyçaylının, Hacettepe (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Kamal Soltanovun, Bilkənd (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Azər Kərimovun, filologiya elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovun, istisadiyyat elmlər doktoru Vurğun Süleymanovun, İsveçin Umea Universitetində elmi işçi və mühazirəçi, dosent vəzifəsində çalışan Səadət xanım Kəriminin, "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin və başqalarının adlarını çəkmək olar. Əlbəttə, AVCİYA-nın ekspertləri, tarix üzrə elmlər doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacılı da Şurada təmsil olunurlar.

- Şübhəsiz ki, Ensiklopediyanın Elmi-Redaksiya Şurası ilə yanaşı yaradıcı heyəti də var.

- Bəli. Dəyərli alimimiz Asif Hacılının rəhbərliyi ilə Assosiasiyamızın gənc əməkdaşları tərəfindən Ensiklopediyanın kontenti tərtib edilir. Ensiklopediyanın çap versiyası isə Fuad Babayevin başçılıq etdiyi yaradıcı heyət tərəfindən AVCİYA-nın tərkibində fəaliyyət göstərən "1905.az STUDİO”da hazırlanacaq. Yuxarıda qeyd etdiyim kimi, Ensiklopediyanın saytı da həmin heyət tərəfindən hazırlanır.

- Ensiklopediyanın ərsəyə gəlməsində bölgə ziyalıları, Göyçayı tədqiq edən araşdırmaçılar da iştirak edəcəklərmi?

- Çox maraqlı məqama toxundunuz. Yeni Ensiklopediyanın yaradılması prosesində Göyçay, bölgənin tarixi, insanları, adət və ənənələri ilə bağlı məlumatı olan bütün insanlarımız iştirak edə bilərlər. Bunun üçün Ensiklopediyanın [email protected] elektron ünvanına yazmaq lazımdır. Ensiklopediya sosial şəbəkədə də fəal olacaq.

- "Göyçay Ensiklopediyası” nə zaman işıq üzü görməlidir?

- Güman edirəm ki, Ümummilli liderimizin 100 illik yubileyi ərəfəsində Ensiklopediya çıxacaq. Yeni ensiklopediyanı məhz bu böyük şəxsiyyətin xatirəsinə ithaf etmək niyyətindəyik. Amma "Göyçay Ensiklopediyası” layihəsi çərçivəsində hazırlanmış çox maraqlı bir kitab, AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının qələmə aldığı "Göyçay tarixi” kitabı tezliklə işıq üzü görəcək. Kitab AVCİYA-nın "1905.az KİTABI” seriyasında dərc olunacaq.
 

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...