Əliqandallı fotosu yayılan Medvedçuk kimdir? - Putinlə onun tanışlığı belə olub

Əliqandallı fotosu yayılan Medvedçuk kimdir? - Putinlə onun tanışlığı belə olub
Xəbər verdiyimiz kimi, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.

Sfera.az-ın məlumatına görə, Medvedçukun saxlanılması dünya mediasında müzakirə olunan mövzulardan birinə çevrilib.

Bəs Viktor Medvedçuk kimdir?

İlk olaraq qeyd etmək lazımdır ki, 67 yaşlı Medvedçukun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərə sahib olduğu məlumdur. "Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri olan Medvedçuk 2000-ci illərin əvvəlində Putinlə necə tanış olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, rəsmi tədbirlərin birində Putin və Medvedçuku bir-birinə təqdim ediblər.


 
2004-cü ildə Putin ukraynalı siyasətçinin kiçik qızı Dariyanın xaç atası olub. Siyasətçi qeyd edib ki, buna Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun səyləri nəticəsində nail olmaq mümkün olub. Belə ki, Marçenko həyat yoldaşından Putinə bu məsələ ilə bağlı müraciət etməyi istəyib.
 

 

Medvedçuk 2002-2005-ci illərdə Ukrayna Prezident Administrasiyasının rəhbəri, 2000-2001-ci illərdə Ali Radanın birinci vitse-spikeri, 1998-2000-ci illərdə Ali Radanın vitse-spikeri olaraq çalışıb. O, həmçinin Ukrayna Ali Radasının II, III, IV, IX çağırış deputatı olub.
 

 

2018-ci ildə "Müxalif platforma - Həyat naminə” partiyasına üzv olub və elə həmin ilin noyabr ayında partiyanın siyasi şurasına sədrlik etməyə başlayıb.
Fevralın 19-su Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun əmlakına sanksiya tətbiq edib.
 

 

Bu zaman qeyd olunub ki, sanksiyalar "Luqansk Xalq Respublikası”ndan Rusiyaya kömür göndərilməsinə dair araşdırma ilə bağlıdır.
Qeyd edək ki, Medvedçuk ötən ilin may ayından dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olub. 2022-ci ilin fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.

Həmçinin Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi başlanılıb. (Qafqazinfo)