“Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - XTQ zabiti

“Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - XTQ zabiti
Azərbaycanın 30 il erməni işğalında olan torpaqlarını azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sözün əsl mənasında xüsusi rolu var. Ali Baş Komandan İlham Əliyev döyüşlərin gedişatında XTQ komandiri Hikmət Mirzəyevi Cəbrayıl və Şuşa şəhərlərinin alınmasına görə iki dəfə təbrik edib. 

Sfera.az xəbər verir ki, "qafqazinfo" əməkdaşı Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birbaşa iştirak edən XTQ zabitlərindən biri - İltifat Səfərli ilə söhbətləşib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Neçə ildir hərbi xidmətdəsiniz və XTQ-yə necə qəbul olunmusunuz?
- 2008-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşam. Dörd il orada təhsil aldıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1 il oxudum. Həmişə XTQ-də olmaq arzum olub. Sadəcə rəhmətlik atam razı deyildi. 2014-cü ildə TTM-ə seçimə gəldilər və heç kimə xəbər etmədən mən də müraciət etdim. İlkin yoxlanışdan keçdim və kursa başladım. Kurs bitənə kimi ev ilə əlaqə saxlamadım. Kurs qurtarandan sonra bildilər ki, mən artıq XTQ mənsubuyam.

- Biz başqa bir XTQ mənsubunun ailəsindən reportaj etmişdik, onun da anası həmin xidmətdə qalmasına razılıq verməmişdi, o da mülki həyata qayıtmışdı. Bəs siz bu çətinlikləri və riskləri gördükdən sonra övladınızın XTQ-yə getməsini istəyərsiz?
- Əlbəttə razı olaram. Vətənin xidmətində olmaq hər birimizin borcudur və mən bunu ürəkdən istəyərəm.

- Vətən Müharibəsindəki hansı döyüşlərdə iştirak etmisiz?
- Cəbrayıl, Füzuli, Ağoğlan (Hadrut) və Şuşa istiqamətində döyüşlərdə iştirak etmişəm. Kəndləri, yüksəklikləri işğaldan azad etdikcə döyüş meydanında keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Gərək o hissləri yaşayasan... Yanında yoldaşın yaralanır, şəhid olur, amma ona baxıb həmin yoldaşlarınla qürur duyursan. Xüsusilə bizimlə birgə döyüşlərdə şəhid olan yoldaşlarımıza baxdıqda insan, sözün yaxşı mənasında bir az da paxıllıq edir ki, Allah məni bu şəhadətə layiq görmədi.

- Şuşa istiqamətində döyüşlər haqda dünya mətbuatı yazdı, vətəndaşlar arasında az qala, əfsanəyə çevrilən kimi məlumatlar da yayıldı. Həmin döyüşlər necə keçdi?
- Tam olaraq Şuşa şəhərinə girmək mənə qismət olmadı. Artıq Daşaltı kəndində yaralandım. Daşaltı strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir ərazidir. Onun üçün də oranın alınması vacib olduğu qədər də çətin idi. Çünki düşmən də bilirdi ki, Daşaltı alınsa, bizim Şuşaya girməyimiz daha asan olacaq. O səbəbdən düşmən o istiqamətlərə daha çox qüvvəsini cəmləşdirmişdi. Orada düşmənin daha çox canlı qüvvəsi və daha sıx artilleriya atəşləriylə qarşılaşdıq.

- Yaralanmağınız hansı situasiyada oldu?
- Biz Daşaltıda ilk olaraq düşmənin canlı qüvvəsi ilə qarşılaşdıq. Həmin vaxt mənim sağ tərəfimə artilleriya mərmisi düşdü və iki nəfər yaralandı. Onları arxaya çəkib ilkin tibbi yardım göstərirdim. Həmin vaxt arxa tərəfə yenə artilleriya mərmisi düşdü. Onda mən başımdan qəlpə yarası aldım.

- İndi səhhətiniz necədi?
- İndi düzəlmişəm, yaralanan vaxt yoldaşların dediyinə görə, bir neçə saat danışa bilməmişəm. Daha sonra kəkələyirdim, son 2-3 gün ərzində normal danışa bilirəm.

- Hərbi xidmətə qayıtmaq fikriniz varmı? Səhhətiniz buna imkan verir?
- Həkimlər deyirlər hər şeyin düzəlməyinə bir az vaxt lazımdır. Amma hərbi xidmətə yararlıyam. İnşallah, tez bir vaxtda xidməti yerimə qayıdacağam. 

- XTQ mənsubu olmaq həyati risklərin daha çox olması deməkdir. Siz belə hallarla tez-tez rastlaşmısız?
- Bir gün düşmən postuna getməli idik. Səhər vaxtı idi və həmin istiqamətə getmək üçün düşmənin digər postunun qarşısından keçməli idik. Bizdə olan məlumata görə, həmin postda heç kim olmamalı idi. Biz də arxayın gedirdik. Onlar da bizi maksimum yaxına buraxdılar, onların düz qarşısından keçəndə atəş açmağa başladılar. Ərazi də düzənlik idi, gizlənməyə nə bir ağac, nə bir təpə, nə bir qaya vardı. Orada çox çətinlik çəkdik. Amma təbii ki, nəticədə düşmən məhv edildi. Sonra yenə növbəti tapşırığa doğru irəlilədik.

- Hadrut və Füzuli döyüşləri də çətin keçib, bu haqda Prezident də danışmışdı...
- Bəli, Ağoğlan və Füzuli döyüşləri çətin oldu. Bizə daha çox düşmənin artilleriyası çətinlik yaşatdı. Canlı qüvvələri elə də çətinlik yaratmırdı. Çünki onlar qorxaq idilər. Bir az çətinliyə düşən kimi olduqları mövqedə silahları, texnikaları atıb qaçırdılar.

- 30 ildən sonra Cəbrayıl və Füzuli şəhərinə ilk addım atan qrupun daxilində olmusuz. Hansı hissləri keçirdiniz?
- Bir sözlə, qürurverici bir hissdir. Düşməni məhv etdikcə insan özü ilə daha çox fəxr edir. Füzuliyə gedən vaxt yolda bizim qəbiristanlığın yanından keçdik. Qəbiristanlığa keçib, ölənlərin ruhuna Fatihə oxuduq. Həmin vaxt hamımız şükür elədik. Dedik, 28-30 ildən sonra axır ki, bu rəhmətliklərin ruhuna Fatihə oxuyan oldu... Məzarları görüb düşünəndə ki, burada kimlərsə gəlib öz ata-anasının, bacısının, qardaşının məzarını tapacaq, insanın gözləri dolur...

- XTQ deyiləndə insanlarda həm arxayınlıq, həm də qürur hissi yaranır. Belə bir fikir var ki, üzvləriniz hansısa istiqamətə gedibsə, mütləq orda zəfər olacaq. XTQ-nin xidmətləri ilə bağlı nə deyə bilərsiz?
- Əgər biz xalqın gözündə elə bir inama qadir olmuşuqsa, bu, bizim xoşbəxtliyimizdir. Və bu inamı qazanmaqda keçdiyimiz təlimlərin, dərslərin böyük rolu var. Bundan sonra hər zaman dərslərimizə, təlimlərimizə daha məsuliyyətlə yanaşacağıq. XTQ komandanının, əbədi-yaşar ümumilli liderimiz Heydər Əliyevin siyasi davamçısı olan cənab Ali Baş Komandanımız və xalqımızın bizə olan etimadını doğruldacağıq. Qarabağ Azərbaycandır!


OXŞAR XƏBƏRLƏR

“Birinin kişiliyi çatırsa, desin mən eləmişəm…” – Novruz Məmmədov nəvəsinin toyundan danışdı

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntü...

Massaj ustası işləməyə məcbur olan tanınmış müğənni: “Yaxşı səsi, ifası olan sənətkar heç kəsə lazım deyil”

Şəhla Həmidova... Onu bir vaxtlar ATV-də yayımlanan "Xalq ulduzu” yarışmasından tanıyırlar. Qısa zamanda tamaşaçılar tərəfindən sevilən müğənni yarışmadan sonra...

Müşfiq: “Ruben yaxınlıqda oturmuşdu, hər şeyi eşitdi...” - MÜSAHİBƏ

Sfera.az prodüser və ssenarist Müşfiq Abbasovun AYNA-ya müsahibəsini təqdim edir:  - Müşfiq, əsas sualdan başlayaq: komandanın adını dəyişməyinizə sə...

Mahir Emrelinin atasından Qurban Qurbanova sərt sözlər: “Başı nə qədər qarışıqdır ki…”

Azərbaycan millisinin və "Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov "Futbol+”a müsahibə verib.   Sfera.az xəbər verir ...

"Bunu valideynlərimdən gizlətdim, anam dedi ki, məhəlləyə necə çıxacağıq?"

Sfera.az ilk azərbaycanlı stüardessa Zemfira Əliyevanın moderator.az-a müsahibəsini təqdim edir. - Zemfira xanım, necə oldu ki, ilk azərbaycanlı təyyarə b...

Əməkdar artist ölüm ayağındadır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır. Sfera.az  xəbər verir ki, aktyorun həyat yoldaş...