Bakıda izdiham yaradan videoblogerin həyat hekayəsi – Hüseyn kimdir?

20:38 / 18.04.2022
4197
Aprelin 17-də bloger Hüseyn Həsənovun Bakıda fanatları ilə görüşü zamanı böyük izdiham yaşanıb. Hətta görüş zamanı bir neçə nəfər xəsarət alıb. Daha sonra Hüseyn cangüdənləri ilə birlikdə "Park Bulvar”dan uzaqlaşsa da, izdiham uzun müddət davam edib.
Bəs sosial şəbəkələrdə hay-küylü müzakirələrə səbəb olan məşhur bloger kimdir?
Rusiyanın tanınmış videoblogerindən biri Hüseyn Həsənov 5 iyun 1994-cü ildə Rusiyada anadan olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib.
Azərbaycan əsilli ailədə dünyaya gələn bloger bizneslə məşğuldur: kafelər şəbəkəsi və "GG” markalı kişi geyim mağazası var.
Hazırda 27 yaşlı blogerin instagramda 21 milyondan çox izləyicisi var. Həmin hesabında müxtəlif məzmunlu videoçarxlar çəkərək insanların sevgisini qazanıb. O, sosial şəbəkədə təkcə videoçarxlar paylaşmır, eyni zamanda lüks həyatını nümayiş etdirir. Bu da izləyicilərin marağına səbəb olur.

Həmçinin bloger H.Həsənovun 2018-ci ildə canlı efirdə Rusiya prezidenti Vladimir Putinə Telegram-ın bloklanması ilə bağlı sual verməsi ilə gündəmə gəlib.
Bundan əlavə Hüseyn Həsənov adətən izləyicilərinə "İPhone” markalı telefon hədiyyə edir.
Bəzən isə videolarında sosial eksperimentlər edərək insanları sınayır, sonda isə sınaqdan çıxanlara müxtəlif hədiyyələr verir. Məsələn, bir videoçarxında özbəkistanlı taksi sürücüsünə pulunun olmadığını deyir və ondan kömək istəyir. Yol boyu sürücü ilə söhbət edən Hüseyn Həsənov qeyd etdiyi ünvana çatır və avtomobil qalereyasından birini seçməyi təklif edib. Sonda isə həmin avtomobili sürücüyə hədiyyə edib. Hətta bir dəfə də təsadüfi şəkildə seçdiyi izləyicisinə "Ferrari” markalı avtomobil bağışlayıb.
H.Həsənovun bahalı sürprizləri bununla da bitmir. O, tez-tez izləyicilərini bu cür sevindirməklə məşğul olur.
Hətta bir müddət öncə Bakıda olan zaman da izləyicilərindən birinə "İPhone” markalı telefon hədiyyə edib.
Elə dünən baş verən izdihamın səbəbi də məhz "İPhone” markalı telefon idi. "Park Bulvar”a gələcəyini elan edən məşhur bloger fanatlarından 7 nəfərə "İPhone” markalı telefon hədiyyə edəcəyini bildirib. Bunu eşidən izləyiciləri də "Park Bulvar”a axın edib. Hüseyn Həsənovdan "İPhone” markalı telefon qazanmaq istəyən izləyicilər arasında izdiham yaşanıb.
