Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Sfera.az "Qafqazinfo”-ya istinadla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin müsahibəsini təqdim edir:

- Bütün suallara, hamını düşündürən pandemiya sınağına baxmayaraq, yeni dərs ilinə start verilir. Yeni dərs ili yeni tələblər və yeni qaydalarla müşayiət olunacaq. Əsas gözləntiləriniz nədən ibarətdir?

- Məlum olduğu kimi, yeni dərs ili öncəsi nəinki təhsil ictimaiyyətini, bütün cəmiyyəti düşündürən "necə başlayaq?!” sualının hərtərəfli və peşəkar müzakirələrdən sonra həlli tapıldı. Hər kəs anlayır ki, bu, təkcə təhsil sisteminin deyil, bütün cəmiyyətin qarşısındakı sınaqdır və bu sınaqdan çıxmağın yolu yalnız birgə səylər və yekdil iradə sayəsində mümkündür. İlk öncə yeni tədris ili münasibətilə paytaxt məktəblərinin pedaqoji heyətini, şagird və valideynləri ürəkdən təbrik edir, bol-bol uğurlar arzulayıram! Davam edən pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına inanıram.

Təhsil müassisələrində fasilə yarandığı müddətdə ictimaiyyət arasında tədrisin ənənəvi qaydada bərpa olunması üçün nə qədər böyük istəyin olduğunu hamı gördü. Bütün bunlar təhsil işçilərinə əlavə stimul verir. Bir daha cəmiyyətin mütləq əksəriyyətinin təhsilə baxışının, təhsildən gözləntilərinin müsbət mənada daha da dəyişildiyi, təhsilin mahiyyətinə verilən müstəsna dəyərin nə qədər böyük olduğu aydın şəkildə müşahidə olundu.
Bildiyimiz kimi, müəyyən yumşalmalar olsa da, ölkəmizdə xüsusi karantin rejimi davam edir. Digər tədris illərindən fərqli olaraq Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarı ilə bu il ümumi təhsil müəssisələrində sentyabrın 15-dən mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədris prosesi başlayır:

- İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

- ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;

Öncə qeyd edək ki, yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. Belə ki, ilk dərslər I- IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Bəllidir ki, təhsil müəssisələrində şagirdlərin tədris və təlim-tərbiyə prosesində əyani iştirakı könüllülük prinsipi əsasında təmin edilir.

Hibrid təhsil sisteminin tətbiqi şagirdlərin sağlamlığını təhlükəyə atmadan onların təhsil almaq hüququnun təmin olunmasına xidmət edir. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydalar əsasında təşkil edilir. Ümumtəhsil məktəblərində sinif otağında müvafiq qaydada ən azı 1,5 metrlik ara məsafəsinin gözlənilməsi məqsədilə zərurət yarandığı bütün hallarda əyani formada tədris zamanı siniflər qruplara bölünür.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq, əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, qalanların günüuzadılmış qruplarda təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılır. Təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.

Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilmələri tövsiyə olunur. Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilir. Bütün bu qaydalara birmənalı şəkildə əməl olunması ilə bağlı konkret tapşırıqlar verilib və onların icrasına ciddi nəzarət edilir. Təqdirəlayiq haldır ki, koronavirusla əlaqədar təhsil müəssisələrində də sanitar-epidemioloji qaydalara həssas yanaşma müşahidə olunur.

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları da açıqlanıb. Qaydalarda koronavirus infeksiyasından qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri barədə aydın və dolğun məlumatlar yer alır. Məlumatlarda məktəblilərin həm özlərini, həm də başqalarını virusdan qorumaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləməsi, əllərini tez-tez və qaydalara uyğun yuması, başqalarının əşyalarına toxunmaması, sinfi və məktəbi təmiz saxlaması, təhlükəsiz istirahəti seçməsi, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi, bu sahədə bilik və bacarıqlarını başqaları ilə bölüşmələri tövsiyə edilir.

Təhsil müəssisələrinin daxilində və həyətyanı sahələrində sosial məsafənin gözlənilməsi virusa qarşı mübarizə tədbirləri arasında ən vacib elementlərdən biri hesab edilir. Bunu nəzərə alaraq sosial məsafənin gözlənilməsi, məktəblərin həyətində müvafiq işarələnmənin təmin olunması, girişdə uşaqların hərarətinin ölçülməsi kimi qaydaları özündə əks etdirən təlimat hazırlanıb və məktəblərə göndərilib.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunduğu kimi, bütün təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir. Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir. Sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir. Həmçinin giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə gözlənilir və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir.

Mövcud vəziyyətdən uğurla çıxmaq üçün məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində valideynlər yuxarı siniflərdəki övladlarının hələlik məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, bir sözlə, tədris formasından asılı olmayaraq dərslərə məsuliyyətlə yanaşmasına xüsusi önəm verəcək.

Qeyd edim ki, Azərbaycanda pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə olub. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə atılan addımlar respublikamıza bu ümumbəşəri bəladan hazırkı dövrə qədər ən az zərərlə çıxmağa imkan verib. COVID-19 virusunun ölkəmizdə yayıldığı ilk gündən məktəblərdə təhsilin təşkili, təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilə yanaşı, eyni zamanda təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması əsas məsələ kimi diqqət mərkəzində saxlanılıb. Məktəblərdə tədrisin dayandırılması haqqında müvafiq qərar verildiyi vaxtdan paytaxt məktəblərində tədrisin məsafədən təşkili üçün praktik addımlar atılıb. Təbii ki, tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər fəaliyyətimizdə əsas istiqamətverici amil olub. Qısa müddətdə teledərslər vasitəsilə tədris olunan məzmunun daha da möhkəmləndirilməsi məqsədilə paytaxt məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti məsafədən təhsil verməyə başlayıb. Təbii ki, bunun üçün paytaxt müəllimlərinin İKT-dən istifadə baxımından müvafiq kompitensiyalara malik olması, uşaqlar üçün internetin, eləcə də zəruri texnologiyaların əlçatanlığı da mühüm rol oynayıb.

Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər məktəbliləri və valideynləri də bu işə səfərbər etməyə imkan verib. "Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün əlverişli şərait yaradılıb.

Respublikamızda tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblərə əməl olunması üçün təhsil işçiləri də şagird və valideynlərin maarifləndirilməsi baxımından üzərlərinə düşən missiyasını layiqincə dəyərləndirir. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da üzüağ çıxacağını söyləməyə əsas verir.

- Maraq doğuran məsələlərdən biri də məktəblərdə müəllimlər üçün qoyulan tələblərdir. Bunlar nədən ibarətdir və xüsusilə yaşlı müəllimlərin işə cəlb olunmasına yanaşma necə tənzimlənir?

- Məktəblərdə iş prosesi zamanı birmənalı olaraq tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. Müəllimlər otağında və digər işçilərin otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir.

Təhsilverən özündə və ya yaxın təmasda olduğu şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), təcili olaraq müvafiq tədbirlər görülür.

COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya yaxın təmasda olduğu şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə çıxmasına icazə verilmir.

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

- Mənzərə tam aydın olsun deyə, şagirdlər üçün müəyyənləşdirilmiş qaydalara da toxunmağınız yaxşı olardı...

- Öncə qeyd edim ki, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında aparılır. Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir. Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir.

Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur.

Dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edlir. Dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı fərqli qrafikə uyğun tənzimlənir.

Fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir.

Hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya kabinet müəyyən edilir. Kimya, fizika, biologiya kabinetləri və digər müvafiq otaqlardan növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır.

Xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılıb.

Ümumi təhsil müəssisələrində şagirdlərin maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Ancaq şagirdlərin məktəblərə daxil olarkən və müəssisə daxilində sosial məsafəni gözləməsinə, şəxsi gigiyena qaydalarına əməl etmələrinə nəzarət olunur.

Dərs (məşğələ) müddətində hər bir şagird onun üçün müəyyənləşdirilmiş yerdə oturur, digərlərinin əşyalarına toxunmur. Həmçinin şagirddə və ya ailəsində COVID-19 əlamətləri (şübhəsi) hiss edilərsə, bu barədə özü və ya valideynləri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir.

Şagirdin bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), dərhal uyğun tədbirlər görülür.

Ümumiyyətlə, xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir.

Həmçinin məktəblərin sanitariya qovşaqları müvafiq tələblərə uyğun xüsusi dezinfeksiyaedici vasitələrlə mütəmadi olaraq təmizlənir və dezinfeksiya edilir. Eləcə də sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını əks etdirən posterlər yerləşdirilir.

- Rəşad müəllim, məktəblərdə şagird və müəllimlərin virusdan daha etibarlı qorunması üçün maarifləndirmə işi və təlimlər nəzərdə tutulurmu?

- Bu, məsələnin ən aktual və həssas tərəflərindən biridir. Elə ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsinin əsasında, ilk növbədə təbliğata üstünlük verilməsi dayanır.

Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd olunur ki, təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin etməlidir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir. Bu baxımdan valideynlərin də maarifləndirilməsi və düzgün bilgilərə malik olması xüsusi əhəmiyyət kəsb edir.

Artıq bu məsələ ilə bağlı ciddi addımlar atılıb, qeyd etdiyimiz kimi, məktəblərdə maarifləndirici posterlər asılıb, bütün məktəb rəhbərlərinə maarifləndirici tədbirlərin əhəmiyyəti izah olunub. Eləcə də müvafiq monitorinq qrupları vasitəsilə bütün istiqamətlər üzrə, o cümlədən də maarifləndirmə ilə bağlı qarşıda duran vəzifələrin dəqiq icrasına nəzarət olunur.

- 2020-2021-ci dərs ilinin prioritet istiqamətləri barədə nə deyə bilərsiniz?

- 2020-2021-ci dərs ilində öz fəaliyyətimizi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq vəzifələrin yerinə yetirilməsi, onların reallaşdırılması, məqsədyönlü təşkilati və əməli tədbirlərin həyata keçirilməsi istiqamətində quracağıq.

Yeni dərs ilində tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması, təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək.

Həmçinin kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, fərdi gigiyena qaydalarına riayət edilməsi, xəstəliklərə qarşı qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi sayəsində şagirdlərin xüsusi karantin qaydalarına daha diqqətli yanaşacağını düşünürəm.

İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

- Pandemiya dövründə Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini necə tənzimləyir?

- Tətbiq olunan karantin rejimində bütün dövlət orqanları fəaliyyətini qaydalara uyğun qurmağa çalışır. Mövcud sanitar-epidemioloji vəziyyətin ilk günlərindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi də fəaliyyətini əsasən məsafədən təşkil edir. Fəaliyyətin məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir. BŞTİ-də fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun təşkil edirik.

Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Vaxtaşırı olaraq bütün təhsil müəssisələrində və BŞTİ-nin inzibati binasında dezinfeksiya işləri aparılır.
Pandemiya dövründə BŞTİ-nin təşkilatçılığı ilə məktəblilər arasında həm tədris ili ərzində, həm də yay tətili dövründə müxtəlif mövzular üzrə onlayn müsabiqələr, yarışlar təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqələrin əsas məqsədi xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyəsinin yüksəldilməsinə dəstək vermək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, uşaqlar arasında sağlam həyat tərzini təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini xüsusi karantin rejimi qaydalarına yönəltməkdən ibarət olub. Valideyn və şagirdlərə mövcud şəraitdə psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirmək məqsədilə BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi keçirilib. Layihə çərçivəsində məktəb psixoloqlarının ayrı-ayrı mövzular üzrə çıxışları BŞTİ-nin, təhsil müəssisələrinin internet resursları üzərindən yayımlanıb və KİV vasitəsilə geniş ictimaiyyətə təqdim olunub.

Hazırda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik.


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...