Azərbaycanda rus dilində danışdığına görə şiddətə məruz qalanlar... - Qanun kimin tərəfindədir?

Azərbaycanda rus dilində danışdığına görə şiddətə məruz qalanlar... - Qanun kimin tərəfindədir?
Ötən həftə sosial şəbəkələrdə Bakıda taksi sürücüsünün rus dilində danışdığına görə bir müştərini avtomobilindən düşürdüyü ilə bağlı görüntülər yayılmışdı. Rusiya-Ukrayna müharibəsi fonunda oxşar hadisələrin yaşandığı müşahidə edilir.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə xatırladıb ki, Konstitusiyamıza əsasən, dövlət dilimiz Azərbaycan dili olsa da,  Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını da təmin edir:

"Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dili, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmçinin Konstitusiyamıza əsasən, hər kəsin ana dilindən istifadə etmək hüququ, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Təəssüflər olsun ki, nə Cinayət Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində qeyd olunan əməllərə görə hər hansı cəzalar nəzərdə tutulmayıb”.

Müsahibimiz qeyd edib ki, ana dilindən istifadə hüququ pozulan şəxs öz ləyaqətinin alçaldılması əsası ilə həmin şəxsə qarşı məhkəmədə ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər:

"Konstitusiyanın 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan əlavə şəxslər onlara qarşı kobud və xoşagəlməz rəftar edən, əlavə ödəniş tələb edən sürücüləri şikayət etmək hüququna malikdir. Ancaq şikayət etməmişdən öncə müəyyən etmək lazımdır ki, sürücünü hara şikayət etsən, daha effektiv nəticə əldə etmək və yaranmış problemi operativ qaydada daha tez necə həll etmək olar.  Məsələn, ictimai nəqliyyatda vətəndaşlara kobud rəftar edən sürücüləri Bakı Nəqliyyat Agentliyinə və avtobus şirkətlərinin ( Məsələn, BakuBus və CityBus və.s) özünə, fərdi qaydada "BOLT”, "UBER”, "MAXİM” və digər məhşur taksi xidməti şirkətləri ilə işləyən sürücüləri həm beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı nümayəndəliyinə poçt vasitəsilə yazılı şikayət göndərərək, habelə elektron qaydada birbaşa ölkə xaricində yerləşən şirkətin özünə şikayət etmək olar”.

Vəkil bildirib ki, beynəlxalq şirkətlərdə vətəndaş məmnuniyyəti əsas prinsiplərdən biri olduğu üçün operativ qaydada tədbir görüləcək:

"Həmin şirkətin mobil tətbiqləri vasitəsilə də bunu etmək mümkündür - yəni onlayn qaydada şikayət etmək də olur. Çoxsaylı şikayətlər daxil olarsa, həmin sürücülər şirkət tərəfindən bloklanır və həmin taksi xidmətlərindən sürücü kimi istifadə edə bilmirlər. Hesab edirəm ki, sürücünün şirkət tərəfindən bloklanması həmin sürücüyə elə ən böyük cəza olacaq. Belə ki, o artıq həmin şirkətlə əməkdaşlıq edəbilməyəcək və  öz gəlirlərindən məhrum olacaq.  Sürücünün mülkiyyət hüququna münasibətdə isə onu demək olar ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ancaq mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 

Bu qəbul olunan haldır ki, sürücünün öz avtomaşını üzərində mülkiyyət hüququ varsa, o sərnişinləri qəbul etməkdə, kimlərin maşına əyləşməsinə icazə verib verməməkdə sərbəstdir. Ancaq sürücü unutmamalıdır ki, o, ilk növbədə vətəndaşdır və qanunvericiliyin müddəalarına riayət etməli,  hər kəsin ana dilindən istifadə etmək kimi konstitusion hüququna hörmətlə yanaşmalı, sürücü kimi etik davranış qaydalarına riayət etməlidir. Bundan əlavə, o, müxtəlif taksi şirkətləri ilə müqavilə bağlayaraq üzərinə müəyyən öhdəliklər götürür. Bütün dünyada taksi şirkətləri üçün vətəndaş məmnuniyyətinin əsas baza prinsip olduğunu nəzərə alsaq, qeyd olunan hadisədə sürücü həm Azərbaycan Respublikası Konstitusiyasının, həm də xidmət müqaviləsi üzrə mülki hüquq normalarının tələblərini pozub”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR